İcra başçısının növbəti səyyar qəbul- görüşü Vilvan kəndində reallaşıb
Yanvarın 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Vilvan kənd sakinləri ilə keçirib. Rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi qəbul-görüşdə kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli yolları müzakirə olunub. Görüş zamanı sakinlər ölkə Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması, vətəndaşların müraciətlərinə baxılması, onları narahat edən problemlərin həlli ilə bağlı qəbul etdiyi qərarları yüksək qiymətləndiriblər.
Çıxış edən yerli sakinlər Vilvan kəndinin sosial-iqtisadi inkişafı və təsərrüfat həyatı ilə bağlı keçirilən tədbirlərə, kənddə ən müasir tələblərə cavab verən məktəbin tikilməsinə, yolların əsaslı təmir olunaraq asfaltlanmasına, sel sularının yaratdığı daşqınların qarşısının alınmasından ötrü Vilvan çayında sahilbərkitmə işlərinin görülməsinə, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda İcra başçısı qəbul zamanı səsləndirilmiş məsələlərin həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.