ŞOVU VƏ SİABİLİ KƏNDLƏRİNƏ TƏBİİ QAZ VERİLİB
31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində Azəriqaz İstehsalat birliyi Lənkəran rayonunun ucqar yaşayış məntəqələrindən olan Şovu və Siabili kəndlərinə təbii qaz verməklə sakinləri sevindirib. Bu münasibətlə dekabrın 30-da keçirilən açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının, “Azəriqaz” İstehsalat Birliyinin, rayonun xidmət təşkilatlarının rəsmi şəxsləri, Şovu və Siabili kəndlərinin sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev son illərdə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərini, əhalinin həyat şəraitinin yaxşılaşmasından ötrü içməli su, təbii qaz və elektrik enerjisi ilə fasiləsiz təchizatı sahəsində görülən tədbirləri ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının bəhrəsi olduğunu diqqətə çatdırıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının Lənkəranda da böyük uğurla icra olunduğunu qeyd edən natiq rayonun çətin təbii şəraitə malik Şovu və Siabili kəndlərində 572 abonentə xidmət göstərən yeni qaz xəttinin açılışını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində əlamətdar bir hadisə olduğunu qeyd edərək sakinlərə təbriklərini çatdırıb.
Sovet dövründə belə kəndlərinə qaz xəttinin çəkilmədiyini xüsusi vurğulayan kənd sakinləri çıxışlarında soyuq qış günlərində evlərinə ilk dəfə olaraq təbii qazın verilməsinə görə ölkə başçısına, eləcə də bu işdə əməyi olan bütün insanlara sonsuz minnətdarlıq ifadə ediblər.