Lənkəranın Girdəni kəndində səyyar qəbul
05 dekabr 2018-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov vətəndaşlarla növbəti səyyar qəbul-görüşünü rayonun Girdəni kəndində keçirib. Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər. Qəbul-görüşdə vətəndaşların müraciətləri dinlənilərək onları narahat edən məsələlər yerindəcə araşdırılıb. Görüşdə çıxış edən sakinlər son illərdə bütün ölkədə olduğu kimi Lənkəran şəhərinin və rayonun sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirləri yüksək dəyərləndirməklə vətəndaş müraciətlərinə göstərilən həssas diqqətə görə də ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Sakinlər yaşadıqları ərazidə ev təsərrüfatlarının kütləvi şəkildə qazlaşdırılmasının, elektrik təchizatının yaxşılaşdırılmasının, gündəlik olaraq istifadə etdikləri magistral yolların əsaslı təmir olunaraq asfaltlanmasının ölkə Prezidentinin qayğısı kimi hər bir ailənin rifahını yüksəltdiyini xüsusi qeyd ediblər. Bildirilib ki, cari ildə inzibati ərazi dairəsində yaşayan sakinlər dövlət qayğısından ruhlanaraq kənd təsərrüfatı sahəsində yüksək nəticələr əldə ediblər. Məhsuldarlıq əvvəlki illərlə müqayisədə xeyli artıb. Ərazidə çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına diqqət artıb. Bu sahələrin genişlənməsi hesabına çoxlu iş yerlərinin açılmasının, əsasən yerli sakinlərin işlə təmin olunmasının kənd sakinlərinin həyat şəraitini durmadan yaxşılaşdırdığını vurğulayıblar. Bu il kənddə ilk dəfə olaraq çox gəlirli sahə olan baramanın bəslənilməsinə başlanıldığını diqqətə çatdırıblar. Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.