“MAVİ ALOV” EVİNİZƏ, OCAĞINIZA HƏRARƏT GƏTİRSİN...
2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da uğurla yerinə yetirilir. Dövlət Proqramına uyğun olaraq son aylarda Lənkəranda tikinti, abadlıq və yenidənqurma işləri geniş vüsət almışdır. Hazırda şəhərimizdə, rayonun qəsəbə və kəndlərində qazlaşdırma işləri sürətlə davam etdirilir. Artıq rayonumuzun bir sıra yaşayış məntəqələrinə qaz xəttinin çəkilişi başa çatdırılmışdır. Əhali illərlə həsrətində olduğu “mavi alov”dan istifadə etməyə başlamışdır.
Noyabrın 23-də Girdəni kəndində əsl toy-bayram əhval-ruhiyyəsi vardı. Həmin gün 20 illik fasilədən sonra kəndə təbii qazın verilişi bərpa edilmişdir. Bu münasibətlə kəndin mərkəzində təntənəli mərasim keçirildi.
Girdəni inzibati ərazi dairəsinin nümayəndəsi Mahir Rəhimov qaz çəkilişinə həsr olunmuş təntənəli mərasimi giriş sözü ilə açaraq sakinlər adından möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlıq ifadə etdi.
Kənd sakinlərindən Adil Əsgərov, Xatimə Rəhmanova və Fətulla Babayev çıxış edərək bu əlamətdar hadisə münasibətilə təbriklərini söylədilər, ölkədə insanların həyat səviyyəsinin yüksəldilməsinə mühüm önəm verən ölkə başçısının daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini bildirdilər, 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində hamılıqla cənab İlham Əliyevə səs verəcəklərini əminliklə ifadə etdilər.
Sonra söz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədova verildi. Həmyerlimiz əlamətdar hadisə münasibətilə sakinləri təbrik etdi, ARNDŞ-nin prezidenti cənab Rövnəq Abdullayevin salamlarını tədbir iştirakçılarına çatdırdı. “Qaz həyatdır, ruzi, bərəkətdir” – deyən şirkət rəsmisi 2009-2013-cü illərə dair Dövlət Proqramına və Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın bütün regionlarında qazlaşma prosesinin sürətlə həyata keçirildiyini bildirdi, bu gün Lənkəranın 7 kəndində qaz xəttinin istifadəyə veriləcəyini, ilin sonunadək daha 13 yaşayış məntəqəsinin “mavi alov”la təchiz ediləcəyini söylədi, Novruz bayramınadək daha 18 kənd və qəsəbənin təbii yanacaqla təmin olunacağını vurğuladı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bütün rayon ictimaiyyəti və kənd sakinləri adından bu əlamətdar hadisə münasibətilə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirərək qeyd etdi ki, bu gün Lənkəranın 7 kəndində əsl bayram sevinci yaşanır. Həmin yaşayış məntəqələrinə 20 illik fasilədən sonra təbii qaz verilişi bərpa edilir. Bu gün biz fəxr edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işləyib, fəaliyyət göstəririk. Dövlət başçımızın qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri əhalinin sosial rifah halının durmadan yaxşılaşdırılmasıdır. Əhalinin “mavi alov”la təmin edilməsi bu siyasətin tərkib hissələrindən biridir.
Bu gün Girdəni kəndində qazlaşma başa çatmışdır. Mən sizi təbrik edir, hamınıza ailə səadəti və cansağlığı arzulayıram. Arzum budur ki, bu “mavi alov” evinizə, ocağınıza daim hərarət gətirsin.
Taleh Qaraşov sonda bütün lənkəranlılar adından ARDNŞ-nin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Daha sonra ŞİH-nin başçısı T.Qaraşov və ARDNŞ-nin vitse-prezidenti X. Məmmədov “mavi alov”u şölələndirdilər.
İcra başçısı və onunla birgə gələn qonaqlar Girdəni kənd sakini Tahir Həsənovun yaşadığı mənzilə getdilər və orada mavi yanacağın istifadəyə verilməsi tədbirində iştirak etdilər.
***
Həmin gün günorta saatlarında İstisu qəsəbəsində də “mavi alov”un istifadəyə verilməsi münasibətilə mərasim keçirildi.
Mərasimdə İstisu inzibati ərazi dairəsində nümayəndənin müavini Xanbala Məmmədov, qəsəbə ağsaqqalı Maşallah Talıbov, qəsəbə orta məktəbinin müəllimi Elsevər Həsənov çıxış edərək əlamətdar hadisəyə, sakinlərin 20 illik həsrətinə son qoyduğuna görə ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevə bütün sakinlər adından dərin minnətdarlıqlarını bildirdilər.
Çıxışlarda belə bir fikir xüsusi vurğulandı ki, dövlətimizin başçısı xalqın rifah halının daha da yaxşılaşdırılması üçün qlobal işlər həyata keçirir. 2013-cü il üçün əmək haqlarının və pensiyaların artırılması nəzərdə tutulmuşdur. Məhz buna görə də gələn ildə keçiriləcək növbəti prezident seçkilərində biz hamılıqla cənab İlham Əliyevə səs verəcəyik. Çünki möhtərəm Prezidentimizin alternativi yoxdur.
Çıxışlarda həmçinin səsləndirildi ki, bu “mavi alov”lar tezliklə Xankəndidə, Şuşada, Laçında, işğal altında olan digər rayonlarımızda şölələnsin.
ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov təbrik nitqində əhaliyə şirkət rəhbərliyinin salamlarını çatdıraraq qeyd etdi ki, qaz evlərə rahatlıq, əmin-amanlıq gətirir. Şirkət rəsmisi qazlaşmanın sürətlə aparılmasında xüsusi əməyi olan “Azəriqaz” İstehsalat Birliyinin əməyini xüsusi vurğuladı, respublikamızda bu sahədə görülən işlərin statistik göstəricilərini diqqətə çatdırdı və ikinci Dövlət Proqramının sonunadək – 2013-cü ilin axırlarınadək respublika ərazisinin 95 faizinin tamamilə qazlaşdırılacağını əminliklə söylədi.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov çıxışında bildirdi ki, bu gün tarixi bir gündür. Əhalinin 20 illik arzusu reallaşdı. Bu gün ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi bu işləri görməyə imkan verir. Azərbaycanın iqtisadi qüdrəti gündən-günə artdıqca əhalinin sosial rifah halının yaxşılaşması istiqamətində mühüm addımlar atılır. Son aylarda rayonumuzda qazlaşma sahəsində xeyli işlərin görüldüyünü diqqətə çatdıran İcra başçısı çıxışının sonunda bütün bu diqqət və qayğıya görə lənkəranlılar adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə, ARDNŞ-nin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Bu gündən etibarən evlərində təbii qazdan istifadə edən bütün sakinləri təbrik edən T.Qaraşov onlara bu “mavi alov”dan yalnız xeyir işlərdə istifadə etməyi arzuladı.
Sonda ŞİH-nin başçısı T.Qaraşov və ARDNŞ-nin vitse-prezidenti X.Məmmədov məşəllə qazı alovlandırdılar.