LƏNKƏRANIN QIZIL PAYIZI fotoreportaj
Lənkəran – Xəzərin zümrüd boyunbağısıdır. Payızda onun palitrasına qeyri-adi parlaq rənglər qatılır. Tez-tez yağışlar yağır, xəzan yelləri əsib qızılı yarpaqları yerə töksə də, təkrarsız lövhələr göz-könül oxşayır. Bağlar, parklar minbir naxışı, çalarıyla heyrət doğurur. Həmişəyaşıl ağacların dəyişməz libasına, Lənkəran torpağında bitən azat, nil ağaclarının, çinarların, ipək akasiyasının, suda batmayan dəmirağac kimi qədim relikt növlərin “alışdım-yandım” hallarına bir baxan bir də baxmaq istəyir. Rəssamların çəkdiyi mənzərələr bu gözəl diyarın təbii tablolarının yanında bəlkə də solğun görünür. Payızın bu son ayında yurdumuzun cənub bölgəsi İlahinin qüdrətindən elə süslənib ki, sanki tonqal-tonqal alovlanır. Lənkəran və ətrafı al yanaqlı, əli xınalı gözəllərə bənzəyir. Ecazkar rənglərin vəhdəti subtropik zonanın özəl görüntülərini beləcə sərgiləyir...