İcra başçısı Ləj kəndində səyyar qəbul-görüş keçirib
Noyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Ləj kəndində keçirib.
İcra hakimiyyəti aparatının, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbər işçilərinin iştirak etdiyi qəbulda vətandaşların müraciət və təklifləri dinlənilib.
Sakinlər çıxışlarında kənd ərazisində həyata keçirilən bir sıra infrastruktur layihələrin icrasına, o cümlədən onların mənzillərinin qazlaşdırılmasına, sakinlərin fasiləsiz elektrik enerjisi və telefon rabitəsi ilə təmin edilməsinə, yeni Ələt-Astara magistral yolunun istifadəyə verilməsinə, qonşu Haftoni qəsəbəsi ərazisində İstisu və Sağlamlıq Mərkəzinin tikintisinə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər həmçinin bir sıra problemlərini də İcra başçısının nəzərinə çatdırıblar.
Görüşdə çıxış edən İcra başçısı Taleh Qaraşov son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən qayğı və diqqətdən söz açaraq, rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafı, məktəb və səhiyyə obyektlərinin tikintisi, elektrik xətt təsərrüfatının yenilənməsi, kəndara yollarının asfaltlanması istiqamətində bir sıra infrastruktur layihələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Natiq Ləj kənd sakinlərinə onlara məxsus pay torpaq sahələrindən səmərəli istifadə etməyi, bir qarış torpağı da istifadəsiz saxlamamağı tövsiyə edib.
Sonda İcra başçısı vətəndaşların təklif və müraciətlərilə bağlı əlaqədar qurumların rəhbərlərinə tapşırıqlarını verib.