İcra başçısı Siyavar inzibati ərazi dairəsində səyyar qəbul-görüş keçirib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Siyavar inzibati ərazi dairəsində keçirib.
İcra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirak etdikləri görüşdə məlumat verilib ki, cari təsərrüfat ilində Vel-Siyavar kəndlərində torpaq payçıları tərəfindən 5 hektarda sitrus bitkiləri, 28 hektarda buğda, 116 hektarda çəltik, 17 hektarda tərəvəz əkini keçirilib.
Qəbul zamanı çıxış edən yerli sakinlər Şürük-Vel-Qamışovka yolunun asfaltlaşdırılmasına, Siyavar kəndində 96 yerlik modul tipli məktəbin tikintisinə, Siyavar-Hirkan kəndara yolunun bərpası işlərinə başlanılmasına, yerli uşaq bağçasının əsaslı təmir olunmasına görə rayon rəhbərliyinə və ölkə başçısına dərin minnətdarlıqlarını çatdırıblar. Sakinlər həmçinin bir neçə gün əvvəl keçirilən ikinci “Çay, çəltik, sitrus festivalı”ndan məmnun qaldıqlarını, bu cür ümumrayon tədbirlərinin mütəmadi xarakter daşıması arzusunda olduqlarını dilə gətiriblər.
Bütün çıxışları həssaslıqla dinləyən İcra başçısı Taleh Qaraşov sakinlərin diqqətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 15-də Lənkəran rayonuna səfərinin yekunlarına, onun İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında, Olimpiya İdman Kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının, əsaslı şəkildə yenidən qurulan Hirkan-Daştatük-Biləsər avtomobil yolunun açılışında iştirakına, habelə Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi, rayonun Şıxakəran kəndində 432 yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi və Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə imzalanan Sərəncamlara cəlb edərək, qarşıda duran vəzifələrdən söz açıb. Son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən diqqət və qayğıdan, eləcə də Lənkəranda görülən abadlıq-quruculuq işlərindən bəhs edən natiq rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafı, məktəb və səhiyyə obyektlərinin tikintisi, qaz və elektrik təsərrüfatının yenilənməsi, digər infrastruktur layihələrin icrası ilə bağlı işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Görüşün sonunda İcra başçısı çıxışlarda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib.