LƏNKƏRANDA ƏDLİYYƏ İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETDİLƏR
22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü Lənkəranda da qeyd olundu.
İlk olaraq Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri Heydər Əliyev Xatirə Parkına gələrək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzdülər.
Sonra tədbir Lənkəran Rayon Məhkəməsinin inzibati binasında davam etdirildi. Tədbiri giriş sözü ilə Lənkəran Rayon Məhkəməsinin sədri Elçin Kazımov açaraq peşə bayramı günü münasibətilə həmkarlarını təbrik etdi, bu günün əhəmiyyətindən danışdı. O bildirdi ki, artıq 12 ildir ki, ölkəmizdə hər il noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günü kimi yüksək səviyyədə qeyd olunur. Azərbaycan ədliyyəsinin şanlı və şərəfli tarixindən danışan məhkəmə sədri görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə ədliyyənin inkişafına göstərdiyi misilsiz qayğıdan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın uğurla icra olunması barədə ətraflı söhbət açdı.
Tədbir iştirakçıları Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası ədliyyə əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncamına əsasən Lənkəran Rayon Məhkəməsində 25 il çalışan, İcra şöbəsinin rəisi Kazımov Miri Yusub oğlunu “Dövlət qulluğunda fərqlənməyə görə” medalla təltif olunması münasibətilə təbrik etdilər.
Tədbirdə ədliyyə veteranı Sabir Qarayev ədliyyə işçilərini bayram münasibətilə təbrik etdi, onlara səmimi və xoş arzularını söylədi.
Sonda bir qrup ədliyyə işçisinə qiymətli hədiyyələr təqdim edildi.