İCRA BAŞÇISI NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜNÜ İSTİSU QƏSƏBƏSİNDƏ KEÇİRİB
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 24-də rayonun İstisu qəsəbəsində keçirib. Görüşdə yerli sakinlərlə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəsəbə sakinləri yüksək ruh coşğunluğu ilə ərazidə sosial-iqtisadi yönümdə görülən işlərdən, xüsusilə “Yaşıl çay” fermer təsərrüfatının və “Astara bağları” MMC-nin uğurlu fəaliyyətindən söz açıblar. Bildirilib ki, hər iki təsərrüfat yerli əhalinin məşğulluq probleminin həllinə, eləcə də çayçılığın inkişafına dəyərli töhfələrini verib. Cari ildə “Yaşıl çay” fermer təsərrüfatında həmçinin ilk dəfə olaraq barama qurdu bəslənilib və son nəticədə 658 kiloqram yaş məhsul tədarük edilərək emal müəssissinə təhvil verilib. Əhalinin rifah halının yaxşılaşmasına yönəldilmiş bu və digər layihələrin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edən qəsəbə sakinləri eyni zamanda problemlərini də İcra başçısının nəzərinə çatdırıblar.
Görüşdə çıxış edən İcra başçısı T.Qaraşov ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 15-də Lənkəran rayonuna səfərinin yekunlarından, onun İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında, Olimpiya İdman Kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının, əsaslı şəkildə yenidən qurulan Hirkan-Daştatük-Biləsər avtomobil yolunun açılışında iştirakından danışıb. Natiq Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi, rayonun Şıxakəran kəndində 432 yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi və Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə imzalanan Sərəncamları da ölkə Prezidenti cənab İlham Əliyevin Lənkərana və lənkəranlılara yüksək diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirib.
Görüşün sonunda İcra başçısı T.Qaraşov sakinlərin çıxışlarında qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib.