Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“NARKOMANİYAYA YOX DEYƏK!”

22 noyabr 2012 | 16:00

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı və Lənkəran ŞİH-nin dəstəyi ilə “Narkomaniyaya yox deyək!” kampaniyası çərçivəsində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov mövzu ilə bağlı məlumat verdikdən sonra rayonda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti haqqında danışdı. İcra rəsmisi bildirdi ki, cəmiyyətin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə daim ŞİH-nin diqqət mərkəzində olmuşdur. Bu sahədə səmərəli və ardıcıl mübarizə aparılması məqsədilə rayonda bir sıra müxtəlif səpkili kütləvi tədbirlər keçirilmişdir.
Sonra Lənkəran ŞTŞ-nin müdiri Şahanə Əhmədova “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda məruzə etdi. Bu gün dünyada narkomaniyanın artıq daha gənc insanlar, ən dəhşətlisi isə azyaşlılar arasında yayılmaqda olduğunu bildirən Ş.Əhmədova bu faciə ilə mübarizədə hər birimizin, xüsusilə təhsil işçilərinin böyük əzm göstərməsinin vacib olduğunu vurğuladı.
Lənkəran ŞRPŞ-nin əməkdaşı, polis mayoru Zeynur Əliyev dünyada, eləcə də respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlərin qaldığını bildirdi. Qeyd etdi ki, daha narahatedici bir məqam isə narkotik istifadəçilərinin hər il daha da artmasıdır.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Şahin İsmayılov, Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov çıxış edərək tədbirin təşkil olunmasında göstərdiyi dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova təşəkkürlərini bildirdilər. P.Məmmədov həkimlik fəaliyyəti zamanı şahidi olduğu narkotik aludəçilərinin acınacaqlı həyatından, yoluxduqları xəstəliklərdən, həm cəmiyyət, həm də özləri üçün yaratdıqları təhlükədən danışdı.
İştirakçılara narkotik vasitələr, onlardan istifadə qaydaları və narkotik vasitələrin insan orqanizmində yaratdığı ölümcül xəstəliklər haqqında slayd və video-çarx nümayiş olundu.
Sonda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırıldı.
 

Keçidlər