Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranlı şagirdlər Gəncə-Göygöl-Şəmkir səfərindən zəngin təəssüratla qayıdıblar

05 avqust 2014 | 15:00

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün Gəncə-Göygöl-Şəmkir maarifləndirici tur-aksiyasında iştirak edən lənkəranlı şagirdlər  avqustun 4-də Lənkərana qayıtdılar.
Tur-aksiyanın iştirakçılarını rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər qarşıladılar.
Turun qrup rəhbəri Asif İmanlı bildirdi ki “Təəssüratımız olduqca zəngindir. Rayonun IX-XI sinif şagirdləri regionun qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə yaxından tanış oldular.
Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda böyüməsinə təsir edəcək, onların mənəvi inkişafında müsbət rol oynayacaqdır. Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir. Məktəblilər üçün belə bir imkan yaratdığına görə aksiyada iştirak edən şagird və müəllimlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.”
Lənkəran şəhərindəki 10 nömrəli tam orta məktəbinin X sinif şagirdi Zəhra Məmmədova sevincini belə ifadə etdi: -“Gəncənin, Göygölün və Şəmkirin tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında kitablardan və sənədli filmlərdən məlumatım vardı. Tur-aksiya zamanı isə oxuduqlarımı bir daha əyani şəkildə gördüm. Necə deyərlər, min eşitməkdənsə, bir görmək yaxşıdır. Bizə bu imkanı yaradan dövlətimizin başçısına “Çox sağ olun! deyirik.”
Lənkəran şəhərindəki 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Şəbnəm Hüseynli söhbətə qoşularaq rəfiqəsinin sözlərinə aşağıdakıları əlavə etdi: “ Tur-aksiya zamanı yadımda daha dərin izlər buraxan tarixi abidələr oldu. Gəncə tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən qədim eksponatlar, Nizami Gəncəvinin və Cavad Xanın məqbərələri, Çökək hamamla tanışlıq, Göygöl rayonunda Alman kirxası, alman yaşayış məntəqələri ilə tanışlıq, Şəmkir şəhərində aparılan arxeoloji qazıntılar yaddaşıma əbədi həkk olunub. Bütün bunlar Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğuna əyani sübutdur. Məktəblilərin asudə vaxtlarının səmərəli keçməsinə yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığmızı bildiririk.”

Keçidlər