Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ƏŞLƏDƏ SEL SULARININ YUDUĞU KÖRPÜ YENİDƏN TİKİLƏRƏK İSTİFADƏYƏ VERİLİB

12 fevral 2018 | 16:00

Lənkəran rayonunun Əşlə kəndində ötən ilin oktyabr ayında sel sularının yuduğu körpü yenidən tikilərək istifadəyə verilib. Fevralın 12-də körpünün açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, müvafiq qurumların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən İcra başçısı T.Qaraşov əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edərək onlara xoş arzularını çatdırıb. Regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının uğurla icra edilməsindən, bu istiqamətdə Lənkəran rayonunda həyata keçirilən irimiqyaslı layihələrdən, möhtərəm Prezident İlham Əliyevin rayonumuzun sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı sərəncamların əhalinin rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməsindən söz açan natiq yeni ildə qarşıda duran həlli vacib məsələlərdən də danışıb.
Kənd sakinləri çıxışlarında onların sosial problemlərinin həllinə həssaslıqla yanaşdıqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ŞİH-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
T.Qaraşov rəmzi qırmızı lenti kəsdikdən sonra tədbir iştirakçıları və kənd sakinləri yeni körpünün üstündən keçdilər.
Qeyd edək ki, Əşlə kəndini Lənkəran şəhəri ilə 15 kilometrlik məsafə birləşdirir. Yeni tikilmiş körpü dörd yaşayış məntəqəsini – Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də yerli sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir.
Uzunluğu 40, eni 4,5 metr olan  dəmir-beton konstruksiyalı, üç aşırımlı körpünün yükgötürmə qabiliyyəti 50 tondur.
Texniki işlər qurularkən bütün kriteriyalar nəzərə  alınıb. Körpünün altında, çay məcrasında  monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulub, yeni inşa olunmuş dayaqlar körpünün altındakı aşırım tirlərinə bərkidilib. Bu da bünövrənin sel daşqınlarından sıradan çıxmasının qarşısını alacaq. Betonlama işlərindən sonra körpünün üstü  asfaltlanıb.

 

 

Keçidlər