Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda vətənpərvərlik mövzusunda plakat sərgisi açılıb

06 oktyabr 2017 | 16:00

“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsinə təqdim etdiyi “Sosial reklam lövhələrinin regionlarda yerləşdirilməsinin yeniyetmə və gənclərin dövlətçilik ruhunda tərbiyəsindəki rolu” layihəsini həyata keçirir.
   Layihə çərçivəsində vətənpərvərlik mövzusunda keçirilən müsabiqələrdə qalib olmuş əsərlər Quba və Lənkəran rayonlarında böyükölçülü reklam lövhələri üzərində yerləşdirilib.
      Oktyabrın 6-da qalib olmuş əsərlərin Lənkəran Şəhər Mərkəzi Kitabxanasında sərgisi təşkil edilib.
     Tədbir iştirakçıları əvvəlcə Lənkəran şəhərində Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirə Kompleksi və Milli Qəhrəman Əsgər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.
   Lənkəran Şəhər Tibb Kollecinin müəllim və tələbələrinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi sərginin açılış mərasimində çıxış edən “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin idarə heyətinin üzvü, layihə rəhbəri Afaq Quliyeva layihə barədə məlumat verib. Qeyd olunub ki, layihə sosial aktuallıq kəsb edən vətənpərvərlik hissinin artırılması sahəsində dövlət tərəfindən aparılan ideoloji işi dəstəkləyir.
      Layihənin bütün əhali qrupuna, əsasən də uşaqlara, yeniyetmələrə və gənclərə ünvanlandığını vurğulayan A.Quliyeva gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin, onların milli dəyərlərimizi hər şeydən üstün tutmasının vacibliyini diqqətə çatdırıb. “Biz sizləri əməkdaşlığa dəvət edirik. Plakat sərgisi ilə yaxından tanış olandan sonra təbii ki, sizin də maraqlı təklifləriniz olacaq. Təklifləriniz bizim üçün böyük əhəmiyyət daşıyacaq”, - deyə o bildirib.
     Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev, Müdafiə Nazirliyinin ehtiyatda olan tibb xidməti polkovniki Sadir Qulamov, ehtiyatda olan mayor Rüfət Səfərov və Qarabağ müharibəsi veteranı Saleh Dostiyev sərginin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsindəki rolunu yüksək dəyərləndiriblər.
Sərgi bir həftə davam edəcək.

 

 

 

 

 

Keçidlər