Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA I RÜBÜN YEKUNLARI MÜZAKİRƏ EDİLİB

17 aprel 2017 | 16:00

Aprelin 17-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.
Tədbirdə 2017-ci ilin I rübü ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şura iclasını açaraq cənab Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 10-da Nazirlər Kabinetinin cari ilin I rübünün yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrdən danışaraq  bildirib ki, 2017-ci  ilin 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində işlər artan templə davam edib və ümumi məhsul istehsalı artıb, sənaye, kənd təsərrüfatı və digər sahələrdə uğurlu nəticələr qazanılıb.
İcra başçısı qeyd edib ki, I rüb ərzində rayonda ümumi məhsul buraxılışı 61 milyon 185 min manat təşkil edib, sənayedə 7,8 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcminin 1,6 faiz artaraq ümumi həcmdə onun xüsusi çəkisinin 66,5 faiz təşkil etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, cari ilin I rübündə rayonda 9,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da əvvəlki dövrə nisbətən 1,1 faiz çox olub. Bu ilin məhsulu üçün 1704 hektar sahədə yazlıq bitkilər əkilib və hazırda əkin işləri davam edir.
I rübdə heyvandarlıq məhsullarının istehsalında da irəliləyişin baş verdiyi, diri çəkidə 1510 ton ət, 7796 ton süd və 3,7 milyon ədəd yumurta istehsal olunmuşdur.
Ənənəvi sahələrdən olan çəltikçiliyin bərpa olunmasına böyük önəm verilir. Kənd təsərrufatına yararlı istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb etmək uçun cari ildə 500 hektar sahədə əlavə çəltik əkilməsi və məhsulun emalı üçün dəyirmanın tikintisi nəzərdə tutulmuşdur. Eyni zamanda “Gilan Aqro”MMC tərəfindən 100 hektar sahədə Cənubi Koreyadan gətirilmiş yeni “Hallobonq” sortlu sitrus tinglərin əkilməsinə başlanılmışdır. Bundan əlavə rayonda 100 hektar çay sahələrinin salınması ilə əlaqədar hazırlıq işləri davam etdirilir. Rayonda Sənaye Parkının yaradılması nəzərdə tutulmuşdur.
Eyni zamanda ötən 3 ayda rayonda geniş abadlıq və quruculuq işləri aparılıb. Şəhərin küçə və xiyabanlarında, qəsəbə və kəndlərdə, magistral yolların kənarlarında evlərin divarları, daş hasarlar suvaqlanmış, bardürlər və hasarlar yenidən rənglənmişdir. Ümumilikdə şəhərdə, qəsəbə və kəndlərdə 12 min kvm hasar və bardür rənglənmişdir. Şəhərin park və bağlarında 15 min ədəd dekorativ ağac və gül kolları əkilmişdir.
Cənab Prezidentin sərəncamı ilə yeni iş yerlərinin yaradılması ilə əlaqədar mənzil istismar-kommunal müəssisələr idarəsinə 216 nəfər, Lənkəran şəhərində çoxmənzilli  yaşayış binalarının təmiri işlərinə 327 nəfər işçi cəlb olunmuşdur.
Qarşıdakı dövrdə rayonda turizmin daha da inkişaf etdirilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Hazırda yeni Olimpiya İdman Kompleksinin və 11 mərtəbəli 4 ulduzlu “Qafqaz” otel kompleksinin, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin tikintisi davam etdirilir. Eyni zamanda Ələt-Astara yeni maqistral avtomobil yolunun Lənkəran hissəsinin tikintisi başa çatmaq üzrədir. Yaşayış məntəqələrinin qazlaşdırılması tədbirləri davam etdirilir.
Məruzə ətrafında müzakirələrdə rayonun kənd təsərrüfatı idarəsinin rəisi Tofiq Rzayev, Telekommunikasiya qovşağının rəisi Şahlar İsmayılov, Yuxarı Xanbulançay Hidroqovşağı İdarəsinin rəisi Allahyar Salayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Maarif Bayramov çıxış edərək fikir və mülahizələrini bildiriblər.
Şura iclasını yekunlaşdıran ŞİH-nin başıçısı Taleh Qaraşov idarə, müəssisə və təşkilat rəhbərlərinə görülmüş işlərdən arxayınlaşmamağı, öz vəzifə səlahiyyətlərinə daha məsuliyyətlə yanaşmalarını tələb etməklə bir sıra tövsiyələrini də söyləmişdir.
Sonda müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilib.

Keçidlər