Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN MƏKTƏBLİLƏRİ QƏRB BÖLGƏSİNDƏN ZƏNGİN TƏƏSSÜRATLA QAYITDILAR

25 noyabr 2015 | 16:00

Noyabrın 16-dan 19-dək “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində respublikamızın qərb bölgəsində olan Lənkəranın 35 nəfər IX-XI sinif şagirdləri bölgə ilə tanışlığa Gəncə şəhərindən başladılar.
Lənkəran məktəbliləri əvvəlcə Heydər Əliyev Mərkəzi, Gəncə Tarix-Diyarşünaslıq muzeyi, Qədim Qala divarları, Nizami Gəncəvinin və Cavad Xanın məqbərələri, Cümə Məscidi, Məhsəti Gəncəvinin ev-muzeyi, Amfiteatr, Heydər Əliyev Milli Parkı ilə tanış oldular.
Noyabrın 18-də səhər tezdən Şəmkirə gələn məktəblilər rayonla tanışlığa orta əsr Şəmkir qalasından başladılar. Tur-aksiya iştirakçıları sonra rayonla tanışlığı Heydər Əliyev Mərkəzində, Bayraq muzeyində, Gənclər Mərkəzində, Abidələr və İstiqlal parklarında, XIII əsrdə burada məskunlaşan almanlar tərəfindən inşa edilmiş Lüteran kilsəsində davam etdirdilər.
Günortadan sonra maarifləndirici tur-aksiya çərçivəsində məktəblilərin bölgə ilə tanışlığı Göygöl rayonunda davam etdirildi. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda mehribanlıqla qarşılanan məktəblilərə məlumat verildi ki, parkda Heydər Əliyev Mərkəzi, Gənclər sarayı, uşaq əyləncə mərkəzi, qapalı və açıq idman meydançaları, yay konsert salonu fəaliyyət göstərir. İlin bütün fəsillərində şəhər sakinləri bu obyektlərdən səmərəli şəkildə istifadə edirlər.
Məktəblilər vaxtilə alman ailələrinin yaşadıqları və son illər dövlət vəsaiti ilə əsaslı şəkildə təmir edilərək öz əvvəlki görkəminə qaytarılan evlərə də baxdılar. Tur-aksiya iştirakçıları rayonda yaşayan sonuncu alman Viktor Klaynın ev-muzeyində onun qorunub saxlanılan əşyaları ilə tanış oldular, Bayraq Meydanına, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səyahət etdilər.
Lənkəran məktəbliləri tur-aksiya çərçivəsində keçirilən bilik yarışmasında hamıdan fərqlənərək 1-ci yeri tutdular.
Respublikamızın qərb bölgəsinə səfər lənkəranlı tur-aksiya iştirakçılarında xoş təəssürat oyatdı. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçısı, Lənkəran ŞİH aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi və qrup bələdçisi Asif İmanlı məktəblilərin Gəncə şəhərindən, Şəmkir və Göygöl rayonlarından aldıqları təəssüratı belə ifadə etdi: “Mən qərb bölgəsinin füsunkarlığı haqqında çox eşitmişdim. İndi bütün bunları öz gözlərimlə gördüm. Müstəqillik qazandıqdan sonra ölkəmizin bütün bölgələrinin belə sürətli inkişafı həm şagirdlərimizi, həm də bizi çox sevindirir. Vaxtilə şagirdlərimiz kitab və dərsliklərdən öyrəndiklərinin hazırda əyani şahidi oldular. Təbiidir ki, bu onların dünyagörüşlərinin və biliklərinin möhkəmlənməsində mühüm rol oynayacaq. Onlar bu aksiyanın təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq edirlər”.
Digah kənd tam orta məktəbinin XI sinif şagirdi Raqib Cəfərov isə səfərlə bağlı bunları dedi: “Prezidentimizin tapşırığı ilə həyata keçirilən bu tədbirdə iştirak etdiyim üçün çox sevinirəm. Bu layihə ölkəmiz haqqında olan biliklərimizin artmasında müsbət rol oynayacaq. Qədim yaşayış məskənləri, tarixi məkanlarla tanışlıq, hətta onları öz gözlərimizlə görməyimiz Azərbaycan tarixini daha mükəmməl öyrənməyimizdə böyük rol oynayacaq. Odur ki, bu aksiyanın təşəbbüskarı olan möhtərəm Prezidentimizə minnətdarıq”.

Keçidlər