Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLDİ

26 fevral 2015 | 16:00

Xocalı faciəsi bizim əbədi və sağalmaz dərdimiz, yaramız olduğundan bir vətəndaş olaraq hər gün, hər saat bu ağrını, bu acını qəlbimizdə hiss edirik. Hər il fevralın 26-da isə bütün Azərbaycan xalqı bir nəfər kimi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir, onlara Allahdan rəhmət diləyir, şəhid olanların yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verir.
Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Xocalı faciəsinin 23-cü ildönümü dərin ehtiramla yad edildi.
Fevralın 26-da Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti şəhərimizdə Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gələrək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etdilər.
Əvvəlcə İcra başçısı Taleh Qaraşov abidə-kompleksin önünə əklil qoydu, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq təzim etdi.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında “Qisas sabaha qalmaz” adlı kompozisiya nümayiş etdirildi.
Sonda ümumxalq ziyarəti başladı.
Fevralın 26-da Lənkəran Dövlət Universitetində, rayonun orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edildi, müxtəlif idarə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri keçirildi.

Keçidlər