Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “ƏNƏNƏVİ İSLAM DƏYƏRLƏRİ VƏ MÜASİRLİK” MÖVZUSUNDA 2 GÜNLÜK REGİONAL KONFRANS İŞƏ BAŞLAYIB

25 noyabr 2014 | 16:00

Noyabrın 25-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikanın cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.
Tədbirin keçirilməsində məqsəd dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin, dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır.
Konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərləri, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin, cənub bölgəsi ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsindən sonra öz işinə başlayıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov konfransı giriş sözü ilə açdıqdan sonra konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbalı çıxışında diqqətə çatdırıb ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Bu səbəbdən dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir.
Komitə sədri bildirib ki, əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Hadi Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazisi Qəni Axundzadə ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirərək, son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Açılış mərasimindən sonra konfrans öz işini birinci plenar iclasda davam etdirib.
Regional konfransın birinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı “Tarixilik və müasirlik baxımından milli-mənəvi dəyərlərimiz”, Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Saleh Kazımov “Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq eksprtizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov “Milli adət-ənənələrimiz və müasir çağırışlar”, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov “İslamda Vətən və dövlət sevgisi” mövzularında məruzələr ediblər.
Sonra dinlənilən məruzələr ətrafında müzakirələr aparılıb.
Konfrans öz işini noyabrın 26-da davam etdirəcək.

Keçidlər