Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA MÜƏLLİMLƏRİN SENTYABR KONFRANSI KEÇİRİLDİ

03 sentyabr 2014 | 15:00

Sentyabrın 3-də Lənkəranda Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi.
Əvvəlcə konfrans iştirakçıları Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.
Konfransı giriş sözü ilə Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova açdı.
Azərbaycanın dövlət himni səsləndirildi.
Sonra ŞTŞ-nin müdiri Ş.Əhmədova “2013-2014-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə etdi. Təhsil rəsmisi təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışaraq qeyd etdi ki, zəngin maddi-texniki baza olmadan gənc nəslin təlim-tərbiyəsində uğurlar qazanmaq mümkün deyil. Bu reallıq nəzərə alınaraq son illər həmin istiqamətdə misli-bərabəri olmayan işlər görülmüşdür. Son 10 ildə Lənkəranda 29 məktəb binası, 4 məktəb üçün əlavə korpus, 1 bağça tikilmiş, şəhər 3,4,5 nömrəli tam orta məktəbləri, şəhər 17 nömrəli uşaq bağçası, O.Mirzəyev adına şəhər qarışıq tipli uşaq evi ən yüksək standartlar səviyyəsində təmir edilərək istifadəyə verilmişdir. Təkcə bu il T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbinin 640 yerlik binası əsaslı təmir olunmuş, 11 məktəb üçün – şəhər 8 nömrəli, Bəliton, Yuxarı Nüvədi, Xanbulan, Darquba, Separadi, Tükəvilə kənd tam orta, Daşdalığjar, Tütəpeştə, Qurumba və Şağlaser kənd ümumi orta məktəbləri üçün binalar tikilərək yeni dərs ili ərəfəsində istifadəyə veriləcəkdir. Həmin təhsil müəssisələri müasir inventar və avadanlıqlarla, kompüter texnologiyaları ilə təmin olunmuşdur. Yay dövründə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun qayğısı, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin və ayrı-ayrı iş adamlarının köməyi ilə rayonun bütün təhsil müəssisələrində cari təmir işləri aparılmış, payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilmişdir.
Məruzəçi bu il ali məktəblərə növbəti qəbul imtahanlarının nəticələri haqqında məlumat verərək bildirdi ki, keçən tədris ilində məktəblərimizi bitirən 1699 nəfər məzundan 900 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənədlərini SQK-lara təqdim etmişlər. Onlardan 473 nəfəri ali məktəblərə qəbul olunmuşdur ki, bu da keçən ilki nəticədən 13 nəfər çoxdur. Qəbul olunanlardan 52 nəfəri 500-dən yuxarı, 33 nəfəri 600-dən yuxarı bal toplamışdır. Şəhər 7 nömrəli tam orta məktəbinin məzunu Oruc Xəlilov ən yüksək nəticə göstərərək 687 balla Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuşdur.
Daha sonra bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan 33 nəfər məzuna qiymətli hədiyyələr təqdim edildi.
Məruzə ətrafında müzakirələrdə şəhər 10 nömrəli tam orta məktəbin müəllimi İlhamə Babayeva, 677 balla Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olan şəhər 4 nömrəli tam orta məktəbin məzunu Nadir Ağazadə, şəhər 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimov və valideynlər adından Şəmsəddin Xəlilov çıxış etdilər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Əlhiyyəd Adıgözəlov çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələrdən danışdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yeni dərs ilinin başlanması – Bilik günü münasibətilə bütün təhsil işçilərini təbrik etdi, yeni tədris ilində onlara uğurlar arzuladı.
Son 10 ildə ölkəmizdə qazanılan uğurlardan, Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasından, iqtisadiyyatımızın dinamiik inkişafından, bütün sahələrdə əldə edilən nailiyyətlərdən, iqtisadi potensialın insan kapitalına çevrilməsindən söz açan İcra başçısı daha sonra milli təhsilimizin formalaşdırılması istiqamətində son illərdə həyata keçirilən islahatlardan və sturktur dəyişikliklərindən danışdı. Məktəblərimizin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsindən bəhs edən Taleh Qaraşov Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb!” layihəsinin uğurla icra edilməsindən, son iki ildə Lənkəranın ictimai-siyasi həyatında baş verən dəyişikliklərdən, o cümlədən yeni məktəblərin tikintisinin geniş vüsət almasından, möhtərəm Prezident İlham Əliyevin sərəncamlarından irəli gələn vəzifələrin rayonumuzda uğurla icra edilməsindən, bu il 11 məktəbin, bir uşaq bağçasının tikilməsindən, bir məktəbin yenidən qurulmasından, rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin və ziyalıların mühüm rolundan ətraflı söz açdı və təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırdı.
Lənkəran şəhər 16 nömrəli uşaq bağçasının fidanları konfrans iştirakçılarını şeirlərlə salamladılar.
Sonra qətnamə qəbul edildi.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət ünvanlandı.

Keçidlər