Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN BƏRPASI” MÖVZUSUNDA SEMİNAR-TRENİNQ KEÇİRİLDİ

25 aprel 2013 | 15:00

Aprelin 24-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Ümummilli Liderin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlərin bərpası” mövzusunda seminar-treninq keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin büstünü ziyarət etdilər, önünə gül dəstələri düzdülər.
Seminar-treninqi giriş sözü ilə Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli açaraq tədbir iştirakçılarına İcra başçısı Taleh Qaraşovun salamlarını çatdırdı.
V. Nəsirli Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrdən danışaraq bildirdi ki, əlamətdar yubiley münasibətilə Lənkəranda tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir.
İcra rəsmisi daha sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində milli-mənəvi dəyərlərin bərpası istiqamətində görülən işlər barədə məlumat verdi.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aranın geniş məruzəsi dinlənildi. Natiq Heydər Əliyevin Azərbaycanda yürütdüyü din siyasətindən, milli-mənəvi dəyərlərimizə qayıdışdan, sovetlər dönəmində 70 il ərzində məscidlərin insanların üzünə qapadılmasından, yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra məscidlərin, ziyarətgahların, dini ocaqların bərpa edilməsindən, hazırda ölkəmizdə məscidlərin sayının 2 mindən artıq olmasından, Ulu Öndərin təşəbbüsü ilə Bakı İslam Universitetinin təsis edilməsindən, Papa II İohan Pavelin Bakıya səfəri zamanı çıxışında Azərbaycana tolerant ölkə kimi yüksək qiymət verməsindən, möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasi kursu uğurla davam və inkişaf etdirməsindən və s. məsələlərdən ətraflı söhbət açdı.
Məruzə ətrafında müzakirələrdə Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Lənkəran şəhər “Cümə” məscidi dini icmasının sədri, axund Qəni (Sədi) Axundzadə, Ləj kənd məscidi dini icmasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı, axund Samid Quliyev və Lənkəran şəhər Kiçik Bazar “Hüseyniyyə” məscidinin axundu Möhübbət Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə qayıdışı sahəsində həyata keçirdiyi qlobal tədbirləri yüksək dəyərləndirdilər, arzu və mülahizələrini söylədilər, oktyabr ayında keçiriləcək növbəti prezident seçkilərində lənkəranlı dindarların Heydər Əliyev siyasi kursunun davamına səs verəcəklərini əminliklə söylədilər.

Keçidlər