Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhərində daha bir şəhid adına bulağın açılışı olub

28 avqust 2021 | 16:00

28 avqust  2021-ci il tarixdə Lənkəran şəhərində daha bir şəhid adına bulağın açılışı olub. Müzəffər Azərbaycan Ordusunun işğalçı düşmən üzərində zəfər soraqlı qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərdən biri də baş leytenant Abdullazadə Həsənağa Şakir oğlu olub. Yüksək ixtisaslı hərbçi olmaq arzusu ilə  əvvəlcə Naxçıvaski adına hərbi liseyi, sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyanı bitirən H.Abdullazadə Milli Ordu sıralarında ləyaqətlə xidmət edərək taqım komandiri, bölük komandiri və tabor qərargahının rəisi vəzifələrinə qədər yüksəlib. Qəlbi tükənməz vətən məhəbbəti və  düşmənə nifrət hissi ilə alışıb yanan H.Abdullazadə Vətən Müharibəsi günlərində Kəlbəcər, Murov və Ağdərə istiqamətində gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümunəsi göstərib şəhidlik zirvəsinə yetişib və Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Olkə prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunması uğrunda” medalları və “Rəşadət” ordeni ilə təltif olunub. Lənkəranlılar vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman oğullarını heç vaxtı unutmur, xatirələrini daim əziz tuturlar. İcra başçısı başda olmaqla Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə və digər dövlət orqanları şəhid ailələri ilə yaxından maraqlarır, arzu və istəklərini həssas məsələ kimi daim diqqətdə saxlayır, qaldırdıqları təkliflərin həllindən ötrü operativ tədbirlər görürlər. Şəhid baş leytenant  H.Abdullazadənin adına bulağın açılışı da buna parlaq misaldır. Açılış mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Rüfət Quliyev, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Rüfət Məmmədov,hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Müdafiə Nazirliyinin nümunəvi orkestrının ifasında dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə bulağın qarşısında Müdafiə Nazirliyi və şəhər İcra hakimiyyəti adından əklil və gül-çiçək dəstələri qoyulub, məktəblilərin ifasında “Həsənağa imzası var” mövzusunda ədəbi-bədii kompazisiya ifa olunub.
Tədbirdə çıxış edən  İcra başçısı Taleh Qaraşov və Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik-leytenant Rüfət Məmmədov 44 günlük Vətən Müharibəsində silahlı qüvvələrimizin əsgər və zabitlərinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz şücaət göstərdiklərini söyləyiblər. İcra başçısı qeyd edib ki, şəhid və qazilərin Vətən qarşısında xidmətləri dövlətimiz və xalqımız tərəfindən  yüksək dəyərləndirilir. Natiq vurğulayıb ki, lənkəranlılar torpaqlarımızın azad olunmasında övladlarının, qardaşlarının, atalarının, doğmalarının göstərdikləri əvəzsiz xidmətləri ilə qürur duyurlar. Rayonda şəhid və qazilərə yüksək ehtiramın göstərildiyini diqqətə çatdıran İcra başçısı Qarabağ müharibəsində qanları ilə Vətən tarixinə şanlı səhifələr yazmış şəhidlərin heç vaxt unudulmayacağını, xatirələrinin daim əziz tutulacağını bildirib. Mərasimdə çıxış edən digər natiqlər və şəhid ailə üzvləri şəhid adına göstərilən ehtirama, davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya  təşəkkürdolu səmimi minnətdarlıq ünvanlayıblar.

Keçidlər