Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

YAP Lənkəran Şəhər Təşkilatı Qadınlar Şurasının rayon qadınlarına müraciəti

08 iyul 2020 | 16:00

Hörmətli xanımlar, əziz analar !       

Bu gün bəşəriyyət koronavirus pandemiyası adlı dəhşətli bir bəla ilə üz-üzə qalıb. İqtisadi gücündən, maliyyə imkanlarından, dünyadakı mövqeyindən asılı olmayaraq bütün ölkələr bu epidemiyanın dəhşətli nəticələrini hiss edir və bunun qarşısını almaq üçün səylə mübarizə aparır. Təəssüflər olsun ki, bu dəhşətli bəla ölkəmizdən də yan keçməyib. Bir sıra bölgələrdə vətəndaşlar arasında bu epidemiyaya yoluxanlara, həyatlarını itirənlərə rast gəlinir. Epidemiya halı müşahidə olunan vaxt ölkə Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyati əhəmiyyətli qabaqlayıcı tədbirlər görülməyə başlandı. İlk növbədə cənab Prezidentin müvafiq sərəncamları ilə Nazirlər Kabineti nəzdində Operativ Qərargah yaradıldı, pandemiyaya qarşı mübarizə tədbirlərini həyata keçirməkdən ötrü dövlət büdcəsindən lazımi maliyyə vəsaiti ayrıldı, ən qısa müddətdə müasir tibbi ləvazimatlarla və müalicəvi avadanlıqlarla təchiz olunmuş xəstəxanalar hazırlandı, yeni modul xəstəxanalar tikilib istifadəyə verildi. Yerlərdə güclü dezinfeksiya  işləri aparıldı və epidemiyadan qorunmaq məqsədilə əhalini maarifləndirmək üçün mobil qruplar formalaşdırılaraq geniş təbliğat-izahat işləri təşkil olundu. Məhz ölkə başçısının müdrik düşüncəsi və birinci xanımın yüksək təşkilatçılığı ilə vaxtında görülmüş bu qabaqlayıcı tədbirlər sayəsində koronavirus epidemiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alınmış və pandemiya ilə bağlı vəziyyət tam nəzarətə götürülmüşdür. Lakin, əziz analar, unutmamalıyıq ki, koronavirus pandemiyasının qarşısını almağa qadir olan yeganə qüvvə hörmətli Mehriban xanımın xalqa müraciətində səsləndirdiyi vətəndaş həmrəyliyimiz və milli birliyimizdir. Biz yalnız birlikdə güclü olub bu dəhşətli bəlaya qalib gələ bilərik. Biz Sizi, bütün xanımlarımızı milli həmrəyliyimizin daha da möhkəmlənməsinə, xalqımızın, özümüzün, doğmalarımızın həyatını qoruyan dövlətimizin, dövlət başçımızın apardığı doğru, humanist, insanpərvər siyasətə töhfələr verməyə çağırırıq. Heç kəsə sirr deyil ki, real vəziyyət nəzərə alınaraq bəzi şəhər və rayonlarda olduğu kimi Lənkəranda da pandemiya ilə bağlı sərt karantin rejimii tətbiq olunur. Yoluxma hallarının qarşısını almaq məqsədilə vətəndaşların hərəkət və fəaliyyətləri xüsusi qaydalar çərçivəsində tənzimlənir, hər kəsdən tibbi-mühafizə vasitələrindən, maskalardan müntəzəm istifadə olunması, icazəsiz yaşayış yerini tərk etməməsi, ictimai yerlərdə sosial təmas məsafəsinin gözlənilməsi tələb edilir. Bütün bunlar ailə üzvlərimizin, doğmalarımızın cansağlığını qorumaq, heç bir ailənin faciəli, narahat, nigaran günlər yaşamaması üçün edilir. Sizin bu həyati əhəmiyyətli tədbirləri anlayışla qəbul edib təbliğ etməyiniz hər birimiz üçün qürurvericidir. Fəxrlə deyə bilərik ki, bu gün ölkə Prezidentinin, birinci xanımın koronavirus pandemiyasına qarşı mübarizə qaydalarına tam, dolğun şəkildə əməl etmələrini hər bir xanımımız  özünə ibrətamiz nümunə hesab edir. Əziz qadınlarımız, biz YAP Lənkəran Şəhər Təşkilatı Qadınlar Şurasının üzvləri Sizə inanırıq. İnanırıq ki, lənkəranlı qadınlar rayon ictimaiyyətinin öncül dəstəsi kimi həmişə olduğu kimi bu ağır günlərdə də daim dövlətimizin, Dövlət başçımızın, birinci xanımın ətrafında sıx birləşəcək, onların xalqımızın milli maraqlarına xidmət edən möhtəşəm fəaliyyətini dəstəkləyəcək, ümumi bəlaya qarşı birgə mübarizəyə səfərbər olacaqlar.  Bu şərəfli yolda hamınıza uğurlar və can sağlığı arzulayırıq.
Hörmətlə,
  

YAP Lənkəran Şəhər Təşkilatı Qadınlar Şurasının sədri  Rasilə Arifqızı

Keçidlər