Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Lənkəranda

28 noyabr 2018 | 16:00

 

 

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri, onların xanımları cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonu ilə tanışlıqdan sonra noyabrın 27-28-də Lənkəran rayonuna gəliblər.
Respublikamızda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.
Diplomatların Lənkəranla tanışlığı Olimpiya İdman Kompleksindən başlanıb.
Qonaqlara məlumat verilib ki, oktyabrın 15-də Lənkəran Olimpiya İdman Kompleksinin açılışında Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bu, ölkəmizdə idmançıların ixtiyarına verilən sayca 44-cü Olimpiya İdman Kompleksidir.
Qeyd olunub ki, 788 tamaşaçı yerlik universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır.
Qonaqlar kompleksdə yaradılmış şəraitlə tanış olmaqla yanaşı, burada öz fiziki sağlamlıqlarının qayğısına qalan idmançılarla da söhbət ediblər.
Diplomatik nümayəndələrin rəhbərləri daha sonra Heydər Əliyev Xatirə Parkına gəliblər. Parkın ərazisini gəzəndən sonra onlar Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin (Xan evi) eksponatları ilə tanış olublar.
Qonaqların növbəti ünvanı şəhərin Qala Xiyabanı olub. Onlar burada Lənkəranda istehsal olunan çay, çəltik, sitrus meyvələri və digər kənd təsərrüfatı məhsullarının, yerli ustaların sənətkarlıq nümunələri və uşaq rəssamlıq məktəbi yetirmələrinin əl işlərindən ibarət sərgilərlə, eləcə də rayonun turizm potensialını əks etdirən buklet və foto-stendlərlə tanış olublar.
Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında səslənən manılar və rəqslər, şəhər uşaq tərbiyə müəssisələri fidanlarının ifa etdikləri şən nəğmələr qonaqlarda xoş duyğular oyadıb.
Daha sonra qonaqlar “Boranı” restoranında çay dəsgahına dəvət ediliblər.
“Azərxalça” ASC-nin Lənkəran filialı ilə tanışlıq da diplomatik nümayəndəliklərin rəhbərlərində zəngin təəssürat yaradıb.
Məlumat verilib ki, bu bu istehsal müəssisəsi oktyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə fəaliyyətə başlayıb. Ümumi sahəsi 1249 kvadratmetr olan “Azərxalça” ASC-nin Lənkəran filialında 150-yə yaxın toxucu çalışır. Onların işləmələri üçün hər cür şərait yaradılıb. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Emalatxana zəruri xammal, müxtəlif ləvazimat və alətlərlə təmin edilib.
Bildirilib ki, müəssisədə çalışan toxuçular Lənkəran şəhərinin və rayonunun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar “Azərxalça”nın təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Qonaqların növbəti tanışlıq ünvanı rayondakı çəltik emalı zavodu olub. Burada onlar müəssisənin istehsal prosesini müşahidə etməklə yanaşı, işçilərlə görüşüb söhbət ediblər.
Diqqətə çatdırılıb ki, çəltikçilik rayonda aqrar sahənin aparıcı istiqamətlərindən birini təşkil edir. Rayonda çəltik əkininin həcmi ilbəil artır. Çəltik emalı zavodunun açılışında ötən il Prezident İlham Əliyev iştirak edib.  
Səfirlik və beynəlxalq təşkilatların rəhbərləri Lənkəran Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitdən də məmnun qalıblar.
Rayonun İstisu qəsəbəsində “Yaşıl çay” MMC-nin çay plantasiyaları ilə tanışlıq diplomatlarda böyük maraq doğurub. Fermer təsərrüfatının rəhbəri Araz Yağubov onlara təsərrüfatın qazandığı uğurlar barədə məlumat verərək bildirib ki, Lənkəran çayı tərkibinə və keyfiyyət xüsusiyyətlərinə görə həmişə fərqlənib. Bu çayın tərkibində zərərli maddələr yoxdur, sağlamlıq üçün faydalıdır.
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təqdimatı keçirilmiş İstisu və Sağlamlıq Mərkəzində yaradılmış şərait də diplomatik nümayəndəliklərin rəhbərlərində maraq doğurub.
Onlara məlumat verilib ki, yaxın aylarda tam gücü ilə istifadəyə veriləcək kompleksdə otel, tibb mərkəzi, müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.
Buradakı ikimərtəbəli tibb mərkəzi müasir avadanlıqlarla təchiz edilib. Laboratoriya, rentgen və ulturasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları da pasientlərin ixtiyarına veriləcək.
Qonaqların diqqətinə çatdırılıb ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və digər xəstəliklərin müalicəsi nəzərdə tutulub. Mərkəzin fəaliyyətə başlaması əksəriyyəti yerli işçilər olmaqla təqribən 250 nəfər üçün iş yerinin yaranmasına imkan verəcək..
Diplomatların növbəti tanışlıq ünvanı Hirkan qəsəbəsindəki sitrus plantasiyaları, Hirkan Milli Parkı olub.

Keçidlər