Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Müasir üslubda yeni inşa olunan “Lənkəran-2” yarımstansiyası işə salınıb

16 oktyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC tərəfindən müasir üslubda yeni inşa edilən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasının açılışı olub.
1974-cü ildə tikilən 110/10 kilovoltluq yarımstansiyanın gərginlik sinfi dəyişdirilərək 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, onun gücünün 32 meqavolt amperdən 50 meqavolt amperə çatdırılması böyük əhəmiyyət daşıyır. Yarımstansiyada 35 kilovoltluq gərginlik sinfi yaradılıb ki, bununla Lənkəran, Lerik və Masallı rayonlarının 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub. Bu isə elektrik enerjisinin dayanıqlılığının və etibarlılığının artırılmasına, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə, həmçinin çəltikçiliyin, çayçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün lazım olan elektrik enerji təchizatına müsbət təsir edir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yenidən qurulan “Lənkəran-2” yarımstansiyası Lənkəran şəhəri, 4 kənd və qəsəbə daxil olmaqla 17 min 500 abonenti elektrik enerjisi ilə təchiz edir. Eyni zamanda, bir sıra strateji obyektlər də bu yarımstansiyadan qidalanır.
Qeyd edək ki, Masallıda da yenidən qurulan “Tüklə” yarımstansiyasının gücü 32 meqavolt amperə çatdırılıb. 110 kilovoltluq “Tüklə” və “Lənkəran-1” yarımstansiyaları vasitəsilə Masallı və Lənkəran rayonlararası 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub ki, bu da Lənkəran rayonunda, o cümlədən Liman şəhərində ikinci qida mənbəyinin yaradılması, bununla da hər iki rayonun elektrik təchizatının dayanıqlılığının artırılması deməkdir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yeni yarımstansiya 70 min əhalini və 516 obyekti elektrik enerjisi ilə təchiz edir.

 

Keçidlər